Bu gün mobil telefon uşaqların və yeniyetmələrin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Telefon artıq yalnız zəng etmək üçün istifadə olunan cihaz deyil. Sosial şəbəkələr, messencerlər, video platformalar, elektron oyunlar, süni intellekt alətləri və internetə çıxış imkanları uşaqların məktəbdə də telefonla daim əlaqədə qalmasına şərait yaradır. Məhz belə bir şəraitdə təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəni tənzimləyən qaydalar əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2 iyun 2026-cı il tarixli KQ-05 nömrəli Kollegiya Qərarı ilə Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair Qaydalar təsdiq edilmişdir.
Qaydaya əsasən, təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağandır. Müəssisəyə təhsilalanlar tərəfindən gətirilən mobil və elektron cihazlar dərs (məşğələ) müddətinin sonunadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş vəziyyətdə və ya səssiz rejimdə saxlanılmalıdır.
Bununla belə, müəllim icazə verərsə, telefon dərsdə istifadə edilə bilər. Onun nəzarəti altında tədris məqsədləri üçün (elektron dərs materiallarına çıxış, tədris tətbiqlərindən istifadə, təqdimat və tədqiqat işləri məqsədilə istifadə və s.) köməkçi vasitə kimi istifadə edilə bilər.
Bəs valideyn uşağı ilə necə əlaqə saxlayacaq?
Valideynlərin ən çox narahat ola biləcəyi məsələlərdən biri də budur. Qayda telefonu məktəb ərazisində tamamilə əlçatmaz etmir.
Qaydanın 2.4-cü bəndinə əsasən zəruri hallarda mobil və elektron cihazlardan informasiya mübadiləsi üçün istifadə mümkündür. Bura təbii fəlakət, digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı hallar və digər zəruri hallar daxildir.
Telefon qaydasını pozan şagirdə nə olacaq?
Qayda burada cəza mexanizmindən daha çox qabaqlayıcı və maarifləndirici yanaşma seçir. Qaydanın 3.2-ci bəndinə əsasən qayda pozuntusu aşkar edildikdə valideyn və ya qanuni nümayəndə 1 iş günü müddətində məlumatlandırılır və qabaqlayıcı tədbirlər (təhsilalanla fərdi profilaktik söhbətin aparılması, valideynin (və ya digər qanuni nümayəndənin) məktəbə dəvət olunaraq təhsilverənlərin iştirakı ilə birgə müzakirənin keçirilməsi, təhsilalanın məktəbdənkənar fəaliyyətlərə və tərbiyəvi tədbirlərə cəlb edilməsi və s.) həyata keçirilir.
Qeyd edək ki, mobil və elektron cihazlar dedikdə səsli və görüntülü rabitə, internetə çıxış, məlumatın emalı, saxlanılması və ötürülməsi, oyunların oynanılması, habelə multimedia funksiyalarının icrası üçün istifadə olunan mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər analoji daşına bilən elektron qurğular nəzərdə tutulur.