Azərbaycanda daktiloskopik və genom qeydiyyatı necə aparılır?

İnsan şəxsiyyətinin müəyyən edilməsi, itkin şəxslərin və naməlum meyitlərin identifikasiyası, habelə cinayətlərin qarşısının alınması və araşdırılması məqsədilə Azərbaycanda dövlət daktiloskopik və genom qeydiyyatı aparılır.

Bu sistemdə bir tərəfdən insanın barmaq izləri, digər tərəfdən isə DNT profili əldə edilir, uçota alınır, saxlanılır və qanunvericiliklə müəyyən edilmiş hallarda istifadə olunur. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanun bu sahənin əsas hüquqi çərçivəsini müəyyən edir.

Daktiloskopik və genom qeydiyyatı nədir?

Daktiloskopik qeydiyyat insanın əl barmaqlarındakı papilyar naxışların xüsusiyyətləri barədə məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsidir.

Genom qeydiyyatı isə insanın şəxsiyyətini müəyyənləşdirməyə imkan verən DNT analizi nəticəsində əldə olunan genetik məlumatların əldə edilməsi, uçotu, saxlanılması və istifadəsidir. DNT profilinin əldə edilməsində qan, tüpürcək, tük, dırnaq, dəri, diş, sümük və digər bioloji materiallardan istifadə edilə bilər.

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”  qeydiyyatın müxtəlif kateqoriyalar üzrə fərqli orqanlarda aparılmasını nəzərdə tutur.

Məsələn, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu alan vətəndaşların məcburi daktiloskopik qeydiyyatı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində və ya “ASAN xidmət” mərkəzlərində aparılır.

Xidməti və diplomatik pasport alan şəxslər Xarici İşlər Nazirliyində, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər isə müəyyən edilmiş qaydada ərazi polis orqanının əməkdaşı tərəfindən qeydiyyata alınır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müəyyən kateqoriyalarının daktiloskopik qeydiyyatı Dövlət Miqrasiya Xidmətində aparılır.

Barmaq izləri necə götürülür?

Daktiloskopik xəritə kağız üzərində xüsusi rəng vasitəsilə və ya elektron qaydada canlı skaner vasitəsilə tərtib edilə bilər.

Əl əksləri götürülərkən əllərin təmiz və quru olması tələb edilir. Barmaqlarda açıq yara və ya dəri xəstəliyi olduqda proses həmin problem aradan qalxana qədər təxirə salınır.

Barmaq izləri müəyyən edilmiş ardıcıllıqla götürülür. Baş barmaqdan başlayaraq bütün barmaqların əksləri çıxarılır, daha sonra nəzarət məqsədilə əlavə barmaq və ovuc əksləri götürülür. Şəxsin əl və ya barmaqları olmadıqda bu barədə daktiloskopik xəritədə qeyd aparılır.

Məlumatlar harada saxlanılır?

Qeydiyyat nəticəsində formalaşan məlumatlar DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi (DİN KTİ) tərəfindən aparılan qeydiyyat kartotekasına və müvafiq məlumat banklarına daxil edilir.

Daktiloskopik məlumat bankı elektron formada daktiloskopik xəritələrdən, DNT məlumat bankı isə DNT analizi nəticəsində əldə edilmiş DNT profillərindən formalaşır.
Məlumat banklarına daxil edilən daktiloskopik xəritələr və DNT profilləri avtomatlaşdırılmış sistemlər vasitəsilə müqayisə edilir. Bu, eyni şəxsin məlumatlarının müəyyənləşdirilməsinə və müxtəlif qeydiyyatlar arasında uyğunluqların aşkar edilməsinə imkan verir.

Məlumatların təhlükəsizliyi necə təmin edilir?

Daktiloskopik və genetik məlumatlar fərdi məlumatların tərkib hissəsidir. Onların toplanması, işlənməsi və mühafizəsi fərdi məlumatlar və biometrik informasiya haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.

Qanuna əsasən məlumatların saxlanılması və istifadəsi onların:

  • silinməməsini;
  • itirilməməsini;
  • təhrif olunmamasını;
  • icazəsiz şəxslər tərəfindən ələ keçirilməməsini

təmin etməlidir. Məlumatlarla işləyən vəzifəli şəxslər də onların qanunsuz istifadəsinə görə məsuliyyət daşıyırlar.

Məlumatlar nə qədər müddət saxlanılır?

Saxlanma müddəti şəxsin hansı əsasla qeydiyyata alınmasından asılıdır.

Bir sıra kateqoriyalar üzrə daktiloskopik məlumatlar şəxsin doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək saxlanılır.

Şəxsiyyəti müəyyən edilə bilməyən şəxslər və naməlum meyitlər üzrə məlumatlar isə şəxsiyyət müəyyən edilənədək, lakin 80 ildən çox olmamaqla saxlanılır.

Genetik məlumatlar üzrə də oxşar müddətlər müəyyən edilib. Ağır və xüsusilə ağır cinayətlər üzrə müvafiq məlumatlar 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək, naməlum şəxslər və meyitlər üzrə məlumatlar isə şəxsiyyət müəyyən edilənədək, lakin 80 ildən çox olmamaqla saxlanılır.

Şərh yaz