
Dövlət satınalmalarında satınalma predmetinin qiymətinin düzgün müəyyən edilməsi həm dövlət vəsaitlərinin səmərəli istifadəsi, həm də satınalma prosesinin şəffaf və rəqabətli həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə satınalan təşkilatlar satınalmaya başlamazdan əvvəl alınacaq mal, iş və ya xidmət üzrə ehtimal olunan qiyməti müəyyən etməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ehtimal olunan qiymətin hesablanması Qaydası” satınalan təşkilatlar tərəfindən maliyyə vəsaitləri hesabına satın alınacaq satınalma predmetinin ehtimal olunan qiymətinin hesablanması qaydasını müəyyən edir.
Ehtimal olunan qiymət hansı üsullarla hesablanır?
Qayda altı üsul müəyyən edir:
- Statistik üsul
- Bazar araşdırması üsulu
- Açıq informasiya üsulu
- Analoq üsulu
- Təcrübə üsulu
- Qiymətləndirici üsulu
1. Statistik üsul
Statistik üsul zamanı Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlardan istifadə edilir. Satınalan təşkilat müəyyən bir malı almağı planlaşdırırsa, həmin mal üzrə açıqlanmış topdansatış qiymətindən istifadə edir. Əgər həmin qiymətə vergi, gömrük rüsumu, daşınma və digər zəruri ödənişlər daxil deyilsə, onlar da qiymətə əlavə edilir.
2. Bazar araşdırması üsulu
Bu üsul birbaşa təchizatçı bazarının araşdırılmasına əsaslanır. Ən azı 2 təchizatçıya satınalma üzrə elanın veriləcəyi ildə satınalma predmetinin adı, miqdarı (həcmi), ölçü vahidi, təsviri, texniki və xüsusiyyəti, icra yeri, icra müddəti və son tarixi, satınalmanın planlaşdırılan elan tarixi, qiymət təklifində nəzərə alınmalı tələblər, habelə satınalma müqaviləsinin və çərçivə sazişi tətbiq ediləcəyi halda çərçivə sazişinin əsas şərtlərinin qısa xülasəsinin olduğu sorğu göndərilir. Təchizatçılardan daxil olan qiymətlər əsasında orta riyazi qiymət hesablanır.
3. Açıq informasiya üsulu
Bu üsul internet saytları və digər açıq informasiya mənbələrində dərc edilmiş qiymətlərdən istifadə edilməsinə imkan verir.
Satınalan təşkilat satınalma predmetini təqdim edən ən azı iki təchizatçının açıq mənbələrdə göstərdiyi qiymətlər barədə məlumat əldə etməlidir.
Burada həmin qiymətlərə bütün vergi, çatdırılma və digər ödənişlərin daxil edilmiş olduğu yoxlanılır və lazım gəldikdə təchizatçı ilə dəqiqləşdirilir.
4. Analoq üsulu
Bəzi hallarda satınalma predmetini təqdim edən təchizatçıların sayı az ola bilər və ya həmin predmet üzrə bazar qiymətlərini əldə etmək mümkün olmaya bilər. Belə vəziyyətdə analoq üsulundan istifadə edilir. Bu zaman satınalan təşkilat funksional, texniki və keyfiyyət xüsusiyyətlərinə görə satın alınması planlaşdırılan predmetə çox yaxın olan digər mal, iş və ya xidmət müəyyən edir. Daha sonra həmin analoq predmet üzrə ehtimal olunan qiymət Qaydanın digər üsullarından biri əsasında hesablanır.
5. Təcrübə üsulu
Bu üsul satınalan təşkilatın əvvəlki satınalma təcrübəsinə əsaslanır.
Əgər təşkilat əvvəlki dövrdə eyni və ya analoji malı, işi və ya xidməti satın alıbsa, həmin müqavilədəki qiymət yeni satınalma üçün əsas kimi götürülə bilər.
Lakin burada mühüm məqam var.
Əgər analoji müqavilənin imzalanmasından satınalmanın keçirilməsi nəzərdə tutulan tarixədək 12 aydan çox vaxt keçibsə, əvvəlki qiymət olduğu kimi götürülmür.
Bu halda Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksindən istifadə edilməklə qiymət yenilənir.
6. Qiymətləndirici üsulu
Bəzi satınalmaların həcmi və mürəkkəbliyi yüksək olduğundan təchizatçıların qiymət təklifi hazırlaması özü ciddi xərc tələb edə bilər. Bundan başqa, bazarda belə xidmətləri göstərən təchizatçıların sayı da məhdud ola bilər. Belə hallarda qiymətləndirici üsulundan istifadə edilə bilər. Satınalan təşkilat qanunvericiliyə uyğun fəaliyyət göstərən qiymətləndiricini müəyyən edir və satınalma predmetinə dair müvafiq sorğu göndərir. Qiymətləndiricidən daxil olmuş rəsmi məlumat əsasında ehtimal olunan qiymət hesablanır.
Ehtimal olunan qiymət iki və ya daha çox üsulla hesablanarsa, ən aşağı qiymət əsas götürülür.