Küçə və yaşayış məntəqələrində itlərin nəzarətsiz gəzdiyi, bəzi hallarda isə insanların üzərinə hücum etdiyi hallar ev heyvanlarının da saxlanılması qaydalarına nə dərəcədə əməl olunması məsələsini yenidən gündəmə gətirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” təsdiq edilib. Bu Qaydalar yalnız heyvanların necə saxlanılmasını deyil, həm də sahiblərin vəzifələrini, heyvanların küçədə gəzdirilməsi qaydalarını və insanların təhlükəsizliyinin təmin edilməsinə dair tələbləri müəyyən edir.
Qaydaya əsasən, baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.
İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və “Təhlükəlidir” sözü yazılmış lövhələr vurmağa borcludurlar.
Küçədə it necə gəzdirilməlidir?
Qaydaların 3.1.1-ci yarımbəndinə əsasən, insanların sağlamlığının qorunması məqsədilə itlər ümumi məhəllələrdə və küçələrdə cilovda gəzdirilməlidir.
İri cins itlər üçün tələbə əsasən, cilovda və buruntaqda gəzdirilməlidir.
İt dişləyibsə, müalicə xərclərini kim ödəməlidir?
Qaydaların 5.3-cü bəndində göstərilib ki, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir.
Qaydanı pozmağa görə cərimə də nəzərdə tutulur
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsi ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə 200 manat məbləğində cərimə, eyni xətanın müəyyən edilmiş müddət ərzində təkrar törədilməsinə görə isə 300 manat məbləğində cərimə nəzərdə tutulur.
Qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya ona maddi zərər vurularsa, 800 manatdan 1000 manatadək cərimə tətbiq edilə bilər. Bu norma cinayət məsuliyyətinin yaranmadığı hallarda tətbiq edilir.