Müraciətinizə baxılmadığı halda vəzifəli və hüquqi şəxslər cərimələnə bilər.

“Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, vətəndaşların müraciətlərinə, bir qayda olaraq, ən geci 15 iş günü müddətində baxılmalıdır.Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.Əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi zərurəti yarandıqda, qanunda nəzərdə tutulan qaydada baxılma müddəti ən çoxu 30 iş günü uzadıla bilər.

Məlumatın gecikdirilməsi nəticəsində müraciətin əhəmiyyətini itirməsi mümkündürsə, belə müraciətə dərhal, bu mümkün olmadıqda isə daxil olduğu andan 24 saatadək baxılmalıdır.

Müraciətdə qaldırılan məsələ müraciəti qəbul edən subyektin səlahiyyətinə aid deyilsə, müraciət 3 iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərilməli və bu barədə müraciət edən şəxsə məlumat verilməlidir.

Eyni zamanda, şəxsin qanunazidd hərəkətindən və ya hərəkətsizliyindən şikayət edilən subyektə həmin şikayətin baxılması üçün göndərilməsi qadağandır.

Vətəndaşın qəbul edilmək hüququ

Qanunun 11-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini təmin etməlidirlər. Vətəndaşların qəbulu ayda bir dəfədən az olmamaqla təşkil edilməlidir. Təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunan hallarda vətəndaş dərhal qəbul edilməlidir. Qəbul zamanı təqdim edilən yazılı müraciət qeydiyyata alınır və qanunla müəyyən edilmiş qaydada araşdırılır. Həmçinin səyyar və videoqəbullar, o cümlədən onlayn qəbullar keçirilməsi mümkündür.

İnzibati Xətalar Məcəlləsinin 594-1.1-ci maddəsinə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli və hüquqi şəxslər məsuliyyət daşıyırlar.

Belə pozuntulara müraciətin qəbul edilməməsi, şikayətin şikayət edilən orqana və ya vəzifəli şəxsə göndərilməsi, vətəndaşların qəbulunun qanuna uyğun təşkil edilməməsi, habelə müraciətinə görə vətəndaşın təqib edilməsi daxildir.

Bu hallara görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya 100 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə tətbiq olunur.