Malınız gəlməsə, cərimələnə bilərsiniz.

Azərbaycan rezidentləri xaricdən mal və ya xidmət almaq üçün əvvəlcədən ödəniş etdikdə, həmin ödənişin qarşılığında malın ölkəyə gətirildiyini və ya xidmətin göstərildiyini təsdiq edən sənədlər banka təqdim edilməlidir. Əgər mal idxal edilməyibsə və ya xidmət göstərilməyibsə, əvvəlcədən ödənilmiş pul vəsaiti də geri qaytarılmalıdır.

Təsdiqedici sənədlər ödəniş tarixindən etibarən ən geci 2 il ərzində banka təqdim edilməlidir. Əks halda və idxal olunmayan malın, göstərilməyən xidmətin və ya geri qaytarılmayan pulun qalıq məbləği 10 000 ABŞ dolları ekvivalentindən çoxdursa, bank bu əməliyyatla bağlı sənədləri 5 iş günü ərzində Mərkəzi Banka göndərir. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə xaricə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə və ödənilmiş pul geri qaytarılmadıqda cərimə tətbiq edilə bilər. Bu halda vəzifəli şəxslər geri qaytarılmayan valyuta vəsaitinin 10–20 faizi məbləğində, hüquqi şəxslər isə həmin vəsaitin 20–30 faizi məbləğində cərimə oluna bilər.

Deməli, xaricə əvvəlcədən ödəniş edən şəxslər üçün əsas məsələ ödənişin qarşılığında malın idxal edilməsini və ya xidmətin göstərilməsini təsdiqləyən sənədləri vaxtında banka təqdim etməkdir. Əgər əməliyyat baş tutmayıbsa, ödənilmiş vəsaitin geri qaytarılması təmin edilməlidir.