“kompyuter”, “kompüter” yoxsa “komputer” – alınma sözlərdə saitlərin yazılışı

Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, alınma sözlərdə o hərfi tələffüz zamanı bəzən [a], bəzən isə [o] kimi səslənə bilər. Lakin yazıda bu sözlərdə o hərfi saxlanılır: avtomat, kollec, kollektiv, laborant, motor, obyekt, poema, poeziya, problem, professor, solist, velosiped və s.

İkinci hecasındakı sait tələffüzdə [i], bəzi hallarda isə [ü] kimi səslənən ərəb mənşəli sözlər yazıda ənənəvi olaraq i hərfi ilə göstərilir: müdir, müdrik, müflis, müxbir, münbit, münsif, müsibət və s. Ancaq burada istisnalar var. mühüm, müşkül və üfüq sözlərində ikinci hecada ü yazılır.

Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s.

Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır: 1) aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik, kaset, konfet, kontor, qəzet, lent, maşın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi yazılmır; 2) botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır.

Mənbə dildə birhecalı sözlər iki cür yazılır: 1) iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.;

2) bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.