Xəzinə, itmiş əşyalar və qonşu ağacları: Mülki Məcəllənin maraqlı maddələri

Qonşunun həyətinə düşən meyvə kimindir?

Mülki Məcəllənin 174.2-ci maddəsinə əsasən, ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır.

İtmiş heyvanlar və əşyalar

Əgər təbii fəlakət və ya təsadüfi hadisələr nəticəsində əşyalar özgə torpaq sahəsinə düşərsə və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi ixtiyarlı şəxsin onların arxasınca gəlib onları götürməsinə icazə verməlidir. Bu zaman dəyən zərər üçün o, əvəz ödənilməsini tələb edə bilər və bununla əlaqədar həmin əşyaları saxlamaq hüququna malikdir.

Tapılan əşyaya görə 5% bəxşiş

Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.

Həyətdə tapılan dəfinə: Neçə faizi sizindir?

Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiyyətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər bölünür.