Prezidentin Fərmanı ilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 oktyabr tarixli Fərmanı ilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilmişdir. Əsasnaməyə əsasən, Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrın (DERKİS) formalaşdırılmasının məqsədi daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahələrində dövlət idarəetməsinin optimallaşdırılması, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılmasından və keyfiyyətinin yüksəldilməsindən, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsindən, müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından ibarətdir.

DERKİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, DERKİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.