Bayrağımızın rəng çalarları necə olmalıdır?

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bayrağımıza hörmət göstərilməsi ilə bağlı vəzifələr, qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, bayrağın istifadəsinə dair tələblər və s. müəyyənləşdirilmişdir.

Bayrağımız bütöv olmalı və solğun görünməməlidir və elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

 Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Bayrağın sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilir.

Qeyd edək ki, 22 oktyabr 2013-cü il tarixdə qanunvericilikdə edilmiş dəyişiklikdən öncə müvafiq rənglər “Panton” rənglər kataloqunun Blue 313C rənginə, Red 185C rənginə, Green 3405C rənginə uyğunluğu təmin edilməli idi.

Xatırladaq ki, üçrəngli Azərbaycan bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının iclasında qəbul edilmişdir. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi təsis edilmişdir.