“Əmanətlərin Sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.
Əmanət nədir?
Qanuna əsasən, əmanət bankın milli və xarici valyutada qəbul etdiyi və qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitidir. Bu anlayışa hesablanmış faizlər də daxildir. Bank tərəfindən elektron pulun emissiyası üçün qəbul edilmiş vəsaitlər isə əmanət anlayışına daxil edilmir. Həmçinin Qanunda notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər də əmanət mənasını ifadə edir.
Qorunan əmanət nədir?
Qorunan əmanət sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətçiyə kompensasiya ödənilən əmanətdir. Lakin qanunvericilikdə müəyyən edilmiş bəzi əmanətlər bu qoruma mexanizminə daxil edilmir.
Hansı əmanətlər qorunan əmanət sayılmır?
Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən bölmələri tərəfindən cəlb edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə uyğun qaydada müəyyən edilmiş əmanətlər də qorunmur. Əmanətin cinayətin törədilməsi nəticəsində yarandığı məhkəmə qərarı ilə təsdiqlənibsə, həmin vəsait qorunan əmanət hesab edilmir. Məhkəmə və ya digər səlahiyyətli orqanın qərarı əsasında üzərinə həbs qoyulmuş əmanətlər də qoruma sistemindən kənarda qalır.
Əmanət bank tərəfindən qanunvericilikdə müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilibsə (bu məqalənin yerləşdiyi tarixdə qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada – 12%, xarici valyutada – 2,5%) həmin əmanət qorunan əmanət hesab edilmir.
Fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabındakı 20 000 manatdan yuxarı pul vəsaitləri qorunan əmanətlərə aid edilmir.
Fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri də qorunan əmanət hesab edilmir.