Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61-ci maddəsi ilə ləğvetmə komissiyasının yaradılmasından başlayaraq kreditorların məlumatlandırılması, borcların ödənilməsi, ləğvetmə balanslarının hazırlanması və hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasına qədər əsas prosedurlar müəyyən edilir.
Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir.
Hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi yalnız onun fəaliyyətini dayandırması ilə başa çatmır. Qanunvericilikdə ləğvetmə zamanı kreditorların hüquqlarının qorunması, mövcud borcların ödənilməsi və qalan əmlakın bölüşdürülməsi üçün müəyyən ardıcıl prosedurlar nəzərdə tutulur.
Ləğvetmə komissiya təyin olunduğu gündən 10 gün ərzində hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərini hansı qaydada və müddətdə təqdim edə biləcəyi barədə ilk məlumatı müvafiq mətbu nəşrdə dərc etdirməlidir. Bu məlumat sonradan 15–20 gün fasilə ilə daha iki dəfə dərc olunur. Kreditorların tələblərini irəli sürməsi üçün verilən müddət isə ilk məlumatın dərc edildiyi gündən 60 gündən az ola bilməz.
Bundan əlavə, ləğvetmə komissiyası təyin olunduğu gündən 15 gün ərzində ləğvetmə ilə bağlı qərarı və qanunvericilikdə nəzərdə tutulan digər sənədləri dövlət qeydiyyatını həyata keçirən orqana təqdim etməlidir. Müvafiq məlumatlar dövlət reyestrinə daxil edildikdən sonra hüquqi şəxsin sənədlərində və adının qarşısında “ləğv prosesindədir” ifadəsindən istifadə olunur.
Ləğvetmə komissiyasının əsas vəzifələrindən biri hüquqi şəxsin kreditorlarını müəyyən etmək və debitor borclarını toplamaqdır. Məlum kreditorlara hüquqi şəxsin ləğvi barədə ayrıca bildiriş göndərilir. Eyni zamanda vergi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borcların olub-olmaması da müəyyən edilir. Hüquqi şəxsin fəaliyyəti ilə bağlı arxiv sənədlərinin qanunvericiliyə uyğun qaydada dövlət arxivinə təhvil verilməsi də təmin edilməlidir.
Kreditorun irəli sürdüyü tələb ləğvetmə komissiyası tərəfindən qəbul edilmədikdə, kreditor həmin məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Məhkəmə qərarı qəbul edilənədək tələb üzrə zəruri vəsait saxlanmalıdır.
Kreditorların tələblərinin irəli sürülməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra 10 gün ərzində aralıq ləğvetmə balansı hazırlanır. Bu balansda hüquqi şəxsin əmlakının tərkibi, kreditorların tələbləri və debitor borcları barədə məlumatlar göstərilir. Nizamnamə kapitalında azı 10 faiz paya malik iştirakçı balansla razılaşmadıqda, onu aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər.
Əgər ləğvetmə komissiyası hüquqi şəxsin əmlakının kreditorların tələblərini ödəməyə kifayət etmədiyini müəyyən edərsə, müflis olma prosesinə dərhal başlamalıdır.
Kreditorlarla hesablaşmalar aralıq ləğvetmə balansına uyğun və qanunvericilikdə müəyyən edilmiş növbəlilik əsasında aparılır. Bütün məlum kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün ərzində yekun ləğvetmə balansı və qalıq əmlakın bölüşdürülməsi planını əks etdirən hesabat hazırlanır. Bu sənədlər müəyyən edilmiş müddətdə hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə səlahiyyət verilmiş orqan tərəfindən təsdiqlənməlidir.
Qeyd etmək vacibdir ki, kreditorlar ləğvetmə balansı təsdiq edilənədək öz tələblərini irəli sürə bilərlər.
Ləğvetmə balansı təsdiq edildikdən sonra qalan əmlak, qanunvericilikdə nəzərdə tutulan qaydada, iştirakçılar arasında bölüşdürülür. Əmlak, bir qayda olaraq, iştirakçıların paylarına mütənasib şəkildə təqdim edilir. Əgər ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi yoxdursa, qalıq əmlak dövlətə verilir.
Qalıq əmlak bölüşdürüldükdən sonra ləğvetmə komissiyası müvafiq sənədləri dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edir. Hüquqi şəxsin ləğvi onun barəsində müvafiq qeydin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış hesab olunur və həmin andan hüquqi şəxs mövcudluğunu dayandırır.
Bununla belə, ləğvetmə başa çatdıqdan sonra hüquqi şəxsə məxsus yeni əmlak aşkar edilərsə, maraqlı şəxsin müraciəti əsasında məhkəmə ləğvetmə prosesini yenidən bərpa edə bilər. Lakin hüquqi şəxsin reyestrdən çıxarılmasından sonra yeni öhdəliklərin yaranması öz-özlüyündə ləğvetmə prosesinin yenidən açılması üçün əsas hesab edilmir.