Alınma sözlərin yazılışında samitlərin işlənməsi ilə bağlı müəyyən qaydalar Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən tənzimlənir. Xüsusilə rus dilindən alınmış sözlərdə ц və щ hərflərinin, eləcə də bəzi samitlərin yazılışı müəyyən prinsiplərə söykənir.
Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.
Qeyd: Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır.
Xüsusi isimlərdə isə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır.
Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, Şors, borş və s. Sözün ortasında щ hərfi olan sözlər isə qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s.
H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s.
-iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.
Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s.