“Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası” sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydasını müəyyən edir. Belə ki, əmək pensiyası kapitalını artırmaq istəyən şəxslər dövlət sosial sığorta sistemində özləri üçün yaradılmış xüsusi hesaba əlavə vəsait ödəyə bilərlər. Bu vəsait məcburi dövlət sosial sığorta haqlarından ayrıca ödənilir və şəxsin fərdi şəxsi hesabında qeydə alınaraq gələcək pensiya təminatının formalaşmasında nəzərə alınır.
Kim xüsusi hesaba əlavə vəsait ödəyə bilər?
Əsas şərt şəxsin dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabının olmasıdır.
Fərdi şəxsi hesabı olmayan şəxsin xüsusi hesaba əlavə vəsait ödəməsinə icazə verilmir. Lakin 1 yanvar 2006-cı il tarixinə əmək pensiyası hüququna uyğun pensiya kapitalı formalaşmış, lakin fərdi şəxsi hesabı olmayan şəxslər üçün əvvəlcə fərdi şəxsi hesab açılır, bundan sonra əlavə vəsait ödənilə bilər.
Müraciət necə edilir?
Şəxs elektron qaydada müraciət edir. Bunun üçün:
Elektron Hökumət İnformasiya Sisteminə və ya “e-sosial” portalına daxil olur;
Gücləndirilmiş elektron imza ilə elektron ərizə təqdim edir;
“Dövlət sosial sığorta sistemində xüsusi hesabı aktivləşdir” elektron xidmətini seçir;
Tələb olunan məlumatları dolduraraq təsdiqləyir.
Xüsusi hesaba vəsait daxil olduqda bu barədə şəxsin ərizədə göstərdiyi elektron poçt ünvanına və/və ya mobil nömrəsinə bildiriş göndərilir.
Nə qədər vəsait ödəmək mümkündür?
Xüsusi hesaba ödənilən əlavə vəsaitlərin ümumi məbləği əmək pensiyasının minimum məbləğinin 3300 mislindən çox ola bilməz.
Bu məhdudiyyət xüsusi hesab vasitəsilə pensiya kapitalının qeyri-məhdud həcmdə artırılmasının qarşısını alan yuxarı hədd kimi çıxış edir.
Bu vəsait nə üçün istifadə olunur?
Xüsusi hesaba ödənilmiş vəsaitin əsas məqsədi sığortaolunanın gələcək əmək pensiyası təminatının formalaşdırılmasıdır.
Qaydaya əsasən, vəsaitdən əmək pensiyasının minimum məbləğində və ya daha yüksək məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə istifadə edilir.
Başqa sözlə, şəxs xüsusi hesaba əlavə vəsait ödəməklə gələcək pensiya kapitalının artırılmasına imkan yaradır.
Pensiya təyin edildikdən sonra əlavə ödəniş etmək olarmı?
Xeyr. Şəxsə “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyası təyin edildikdən sonra həmin şəxs üçün xüsusi hesaba əlavə vəsait ödənilməsinə icazə verilmir.
Bu səbəbdən xüsusi hesab mexanizmi əsasən hələ əmək pensiyası təyin edilməmiş sığortaolunanlar üçün nəzərdə tutulur.
Şəxs vəfat edərsə, ödənilən vəsait necə olur?
Sığortaolunan vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri xüsusi hesaba ödənilmiş əlavə vəsaitlərdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada pensiya təyinatı üçün istifadə edə bilərlər.