Yol hərəkəti hansı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər?

Yol hərəkətinin təhlükəsizliyi və rahatlığı müasir cəmiyyətin normal fəaliyyətinin əsas şərtlərindən biridir. Bununla belə, müəyyən istisna hallarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya tam qadağan edilməsi zərurəti yaranır. Azərbaycan Respublikasının «Yol hərəkəti haqqında» Qanununun 9-cu maddəsi bu prosesin hüquqi çərçivəsini, qərarqəbuletmə mexanizmlərini və tərəflərin öhdəliklərini dəqiq tənzimləyir. Qanuna əsasən, yol hərəkəti yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə, müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər:

1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə;

2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə;

3) dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda;

4) hərbi vəziyyət rejimi tətbiq edildikdə;

5) nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda;

6) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda;

7) hava-iqlim şəraiti xeyli pisləşdikdə;

8) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə.

Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi barədə qərar yolun mənsubiyyətindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş müvafiq dövlət orqanı və ya qurum tərəfindən qəbul edilir. Özəl yollarda isə belə qərarı yolun sahibi qəbul edə bilər.

Əgər yol şəraiti hərəkət üçün ciddi təhlükə yaradırsa, yol hərəkəti təhlükəsizliyinə nəzarət edən orqan müvafiq qərarın qəbul edilməsi barədə göstəriş verə bilər.

Qanunvericilik bəzi təxirəsalınmaz hallarda qərar olmadan da hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə imkan verir.

Bunlara əsasən hərbi vəziyyət rejiminin tətbiqi, fövqəladə hadisələr, dini ekstremizm əleyhinə xüsusi əməliyyat və qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz işlərin görülməsi halları aiddir.

Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda yol hərəkətinin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin yeri, səbəbi, vaxtı və şərtləri, qəbul olunan qərar barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası, yol hərəkətinin təhlükəsizliyi tədbirləri və işlərin yerinə yetirilməsi müddətləri, zəruri işlərin icrasına cavabdeh olan şəxslər göstərilir. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar təxirəsalınmadan dövlət orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır.

Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin hər bir halında yollara xidmət edən yol təsərrüfatı müəssisələri yol hərəkətinin müəyyən olunmuş müddətdə təcili bərpası üçün zəruri tədbirlər həyata keçirməlidirlər.

Şərh yaz