Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2026-cı il tarixli qərarı ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər 01.10.2026-cı il tarixdə qüvvəyə minir.
Dəyişikliklərə əsasən, Bank və BOKT (kredit təşkilatları) müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.
Məsafədən istehlak krediti müqaviləsinin bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi zamanı müraciət edən şəxs əvvəlcədən məlumatlandırılmaqla vəsaitlər aşağıdakı müddətlərdə verilir:
- vəsait minimum əmək haqqının 2 (iki) mislinədək və ya onun ekvivalentinədək olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 2 (iki) saat sonra;
- vəsait minimum əmək haqqının 2 (iki) mislindən və ya onun ekvivalentindən çox olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 24 (iyirmi dörd) saat sonra.