Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş maye və yaxud toz halında olan qida formullarına dair tələblər Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları” ilə müəyyən olunur. Qaydaya əsasən, qida formulları yalnız fiziki üsullarla emal edilməli, məhsul və ya onun komponenti ionlaşdırıcı şüalanma ilə emal edilməməlidir. Qida formulları aşağıdakı 2 növə bölünür:
- Körpələrin ilk 6 (altı) ayında qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 1 nömrəli qida formulu
- Altı aylıqdan üç yaşınadək uşaqların qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 2 nömrəli qida formulu
1 nömrəli və 2 nömrəli qida formulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.
Qeyd edək ki, qida formulları qaydaya Əlavə olunmuşdur.
Qida formullarının etiketlənməsi zamanı məhsulun tərkibindəki zülal mənbələri aydın şəkildə göstərilməlidir. Əgər zülalın yeganə mənbəyi inək südüdürsə, məhsula “İnək südünə əsaslanan qida formulu”, bitki tərkibli zülaldırsa, “(bitkinin adı) zülalına əsaslanan qida formulu”, qarışıqdırsa hər bir zülal mənbəyinin adı qeyd olunmalıdır. Tərkibində süd, yaxud süd törəməsi olmayan məhsulun etiketində “tərkibində süd və ya süd məhsulları yoxdur” və ya ekvivalent ifadə yazılır.
Məhsulun hazırlanmasına, istehlakına, məhsulun yararlılıq müddəti və saxlanma şəraitinə, habelə qablaşdırılması açıldıqdan sonra onun yararlılıq müddəti və saxlanma şəraitinə, hazırlandıqdan sonra dərhal istifadə edilməsi və artıq qalmış qidanın atılmasına dair məlumat verilməlidir. Etiketdə məhsulun hazırlanma üsulunu əks etdirən aydın məlumatlar olmalıdır. Maye formasında olan məhsullar birbaşa, konsentratlaşdırılmış maye formasında olan məhsullar isə istifadə təlimatına uyğun olaraq qaynadılmış içməli su ilə hazırlanaraq istifadə oluna bilər. Toz halında olan qida formullarının etiketində məhsulun steril olmaması, qaynadıldıqdan sonra 70 0C-dən az olmayan temperatura qədər soyudulmuş su ilə hazırlanmasının zəruriliyi haqqında məlumat yazılmalıdır. Məhsulun istifadə təlimatına uyğun olmayan formada hazırlanmasının və saxlanılmasının sağlamlığa təhlükə yarada biləcəyinə dair xəbərdarlıq yazılmalıdır.
Qida formullarının etiketində “Vacib” və ya “Diqqət” başlığı altında “Ana südü körpəniz üçün ən yaxşı qidadır” ifadəsi, altı aya qədər körpələrin yalnız ana südü ilə qidalandırılmasının vacibliyi haqqında məlumat qeyd olunmalıdır.