Parklarda, küçələrdə, yollarda və digər ictimai yerlərdə “zibil atmağa görə cərimə” barədə müxtəlif məbləğlərə rast gəlmək mümkündür. Bəzən 50, 200, 300, hətta 700 və 1000 manatlıq cərimələr göstərilir.
Bəs adi bir zibili yerə atmağa görə əslində hansı cərimə tətbiq olunur?
İnzibati Xətalar Məcəlləsində tullantının atıldığı yerə və törədilmiş pozuntunun xarakterinə görə müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutulub.
Parkda və digər ictimai yerlərdə zibil atmağa görə nə qədər cərimə var?
İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə görə məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə fiziki şəxs 300 manat, vəzifəli şəxs 1000 manat, hüquqi şəxs isə 4000 manat məbləğində cərimə edilir.
Məcəllənin 266.1-ci maddəsinə görə şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının əraziləri, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonaları və maddədə sadalanan digər ərazilərin çirkləndirilməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 8500 manatdan 10 000 manatadək cərimə edilə bilər.
Küçəyə və yola tullantı atmağın cəriməsi nə qədərdir?
Yola və ya yol qurğusuna tullantı atılması üzrə cərimə digər maddə ilə müəyyən olunur.
İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən, yollara və ya yol qurğularına tullantı, yaxud nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə edilir.
Siqaret kötüyünü yerə atmağa görə də ayrıca cərimə var
İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 300 manat cərimə müəyyən edilib.
Tullantıların müəyyən edilmiş qaydada yerləşdirilməsi əvəzinə ərazidə qalaqlanması və ya ətraf mühitin mühafizəsi tələblərinə əməl edilmədən yandırılması artıq sadə şəkildə “bir zibili yerə atmaq” halından fərqli hüquqi pozuntudur. Məcəllənin 271-ci maddəsi tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Torpağa tullantı tökməyin cəriməsi daha yüksək ola bilər
İnzibati Xətalar Məcəlləsinin 244.1-ci maddəsi torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarla zibilləndirilməsinə görə ayrıca məsuliyyət müəyyən edir.
Bu maddəyə əsasən fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10 000 manatadək cərimə edilə bilər.
Torpağın münbit qatının korlanması isə 244.2-ci maddə ilə ayrıca qiymətləndirilir. Bu halda fiziki şəxslər üçün cərimə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslər üçün 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər üçün isə 6000 manatdan 8000 manatadək müəyyən edilib.
Dəmir yolu nəqliyyatında da ayrıca məsuliyyət nəzərdə tutulub. Məcəllənin 301.2-ci maddəsinə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat cərimə tətbiq edilir. Metroda dəmir yoluna hər hansı əşya atmağa görə cərimə 306.3-ci maddəyə əsasən 200 manat təşkil edir.