Avtomobiliniz qayda pozuntusuna görə mühafizə olunan duracağa aparılıbsa və sonradan həmin inzibati xəta işi üzrə icraata xitam verilibsə və ya verilmiş cərimə qərarından şikayətiniz təmin olunubsa, avtomobilin duracağa gətirilməsi və orada saxlanılması üçün ödədiyiniz məbləğin geri qaytarılması mümkündür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 27 iyul tarixli 240 nömrəli Qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası ilə tənzimlənir.
Qaydaya əsasən, sahib ödənişin qaytarılması üçün ayrıca ərizə ilə müraciət etməlidir.
Ərizə avtomobilin duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında protokolu və ya inzibati tənbeh tətbiq edilməsi barədə qərarı qəbul etmiş orqana və ya vəzifəli şəxsə təqdim edilir.
Müraciətə nə qədər müddətdə baxılır?
Ərizəyə daxil olduğu gündən 15 iş günü müddətində baxılmalıdır.
Araşdırma nəticəsində ödənişin qaytarılması üçün əsas olduğu müəyyən edilərsə, məbləğin 10 iş günü müddətində nağdsız qaydada qaytarılması təmin edilir.
Əgər pulun qaytarılması üçün əsas olmadığı müəyyən edilərsə, bu barədə əsaslandırılmış yazılı məlumat verilməlidir. Belə məlumat 5 iş günü müddətində müraciət edən şəxsə təqdim edilir.