Azərbaycanda mülki pilotsuz uçuş aparatlarından (PUA), yəni dronlardan istifadə artıq yalnız texnologiya və hobbi məsələsi deyil. Dronların uçuşu, qeydiyyatı, istismarçının və pilotun hüquqları və öhdəlikləri müəyyən qaydalarla tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2025-ci il tarixli 132 nömrəli Qərarı ilə “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları” təsdiq edilib.
Maksimal qalxma kütləsi 0,25 kq-dan az olan, fərdi məlumatları toplamaq imkanına malik cihazlarla təchiz edilməyən və uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar bu Qaydaların əhatə dairəsinə daxil edilmir. Bundan başqa, uçuş zamanı pilot və ya operator tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lara da bu Qaydalar şamil edilmir.
PUA-ların qeydiyyatını kim həyata keçirir?
PUA-ların dövlət qeydiyyatı, əməliyyat icazəsinin, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir. PUA sisteminin istismarı ilə bağlı fəaliyyət isə Nazirliyin elektron portalı vasitəsilə həyata keçirilir.
Dron nə vaxt qeydiyyata alınmalıdır?
Qaydalara görə PUA sahibi dronu:
- Azərbaycana idxal etməzdən əvvəl və xüsusi icazə aldıqdan sonra;
- Azərbaycanda istehsal edildikdən sonra isə 10 iş günü ərzində dövlət qeydiyyatına almaq üçün müraciət etməlidir.
Burada mühüm məqam ondan ibarətdir ki, dronun alınması və onun dərhal uçuşa buraxılması eyni məsələ deyil. Müvafiq hallarda əvvəlcə qeydiyyat və digər tələb olunan prosedurlar yerinə yetirilməlidir.
Qeydiyyat üçün hansı sənədlər tələb olunur?
PUA sahibi qeydiyyat üçün Agentliyə müəyyən məlumat və sənədlər təqdim etməlidir.
Fiziki şəxsdən əsasən ad, ata adı, soyad, ünvan, elektron poçt ünvanı, əlaqə nömrəsi və şəxsiyyəti təsdiq edən sənəd barədə məlumatlar tələb olunur.
Hüquqi şəxslər isə adı, ünvanı, dövlət reyestrindən çıxarışın surəti, elektron ünvanı və əlaqə nömrəsi barədə məlumat təqdim etməlidirlər.
Bundan əlavə, PUA ilə bağlı aşağıdakı məlumatlar tələb olunur:
- istehsalçı və model;
- istehsal ölkəsi və tarixi;
- istehsalçı tərəfindən müəyyən edilmiş təyinat;
- seriya nömrəsi;
- PUA-nın və seriya nömrəsinin göründüyü rəngli fotoşəkillər;
- istehsalçı təlimatları;
- üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası barədə sənəd;
- mülki dövriyyəsinə xüsusi icazənin surəti;
- dövlət rüsumunun və müəyyən edilmiş xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər.
Lakin bütün sənədləri kağız formada təqdim etmək hər zaman lazım deyil. Əgər müvafiq məlumat Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət orqanından əldə edilə bilirsə, həmin sənəd PUA sahibindən tələb edilmir.
Qeydiyyat nə qədər müddətə aparılır?
Təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıq olmadıqda Agentlik sənədlərin qeydiyyata alındığı gündən etibarən 15 iş günündən gec olmayaraq qeydiyyat sertifikatının verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.
Çatışmazlıq aşkar edilərsə, PUA sahibinə bu barədə 3 iş günündən gec olmayaraq məlumat verilir. PUA sahibi çatışmazlıqları aradan qaldıraraq sənədləri yenidən təqdim edə bilər. Çatışmazlıqlar 5 iş günü ərzində aradan qaldırılmadıqda isə müraciət baxılmamış saxlanılır.
Qeydiyyat sertifikatı neçə il qüvvədədir?
Qeydiyyat barədə müsbət qərar qəbul edildikdə PUA sahibinə 5 il müddətinə qeydiyyat sertifikatı verilir. Hər bir PUA eyni vaxtda yalnız bir qeydiyyat sertifikatına malik ola bilər.
Sertifikat başqa şəxsə ötürülə bilməz. Qeydiyyatdan keçmiş PUA-nın sahibinin əsas öhdəliklərindən biri qeydiyyat sertifikatının nömrəsinin PUA-nın üzərində aydın şəkildə əks olunmasını təmin etməkdir.