Nələrin reklamı qadağandır?

Biznes sahibləri, marketoloqlar və sosial media menecerləri üçün reklam kampaniyaları təşkil edərkən qanunvericiliyin tələblərinə əməl etmək böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2016-cı il tarixli 414 nömrəli Qərarı ilə reklamı tamamilə qadağan edilən əmtəə, məhsul və xidmətlərin rəsmi siyahısı təsdiq edilmişdir.

Qanunvericiliyin tələblərinə riayət etmək və cərimələrdən yayınmaq üçün reklamı qadağan olunan əsas sahələri nəzərdən keçirək.

Məcburi sertifikatlaşdırılmalı olan, lakin müvafiq sertifikatı alınmayan məhsul və xidmətlərin, eləcə də istehsalına və ya satışına lisenziya tələb olunan, lakin müvafiq icazə verilməyən fəaliyyət sahələrinin və malların reklamı qadağandır.

Süni mayalanma üzrə tibbi xidmətlərin reklamı qadağandır

Həkim resepti əsasında buraxılan dərman vasitələri, həmçinin hamiləliyin süni yolla pozulması (abort) və süni mayalanma üzrə tibbi xidmətlərin reklamına yol verilmir.

Tütün və tütün məmulatları, qəlyanlar, tənbəki çubuqları, elektron siqaretlər, veyplər, onların ehtiyat hissələri və mayeləri, eləcə də siqaret kağızları və alışqanların reklamı tamamilə qadağandır.

Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, mülki dövriyyəsi məhdudlaşdırılan silahlar və hərbi texnika, partlayıcı maddələr, pirotexniki məmulatlar, eləcə də pornoqrafik materiallar və zorakılığı təbliğ edən məhsulların reklamı qanuna ziddir.

Emissiyası və ya satışa çıxarılması barədə rəsmi qərar qəbul edilməmiş qiymətli kağızlar reklam oluna bilməz.

Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar, Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri bu siyahıya daxildir.

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunlarla müəyyən edilmiş əmtəələr də reklamı qadağan olunan əmtəələrin sırasındadır.

Şərh yaz