Torpaq sahəsində ev, yardımçı tikili, hovuz, istixana, hasar və digər obyekt tikmək istəyən şəxslər üçün ən vacib məsələlərdən biri tikintiyə icazənin tələb olunub-olunmamasıdır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79 və 80-ci maddələri müəyyən tikinti obyektləri üçün daha sadə prosedurlar müəyyən edir.
Burada əsasən üç vəziyyəti fərqləndirmək lazımdır:
- tikintiyə icazə tələb olunmur;
- məlumatlandırma icraatı tətbiq olunur;
- tikintiyə icazə alınması tələb olunur.
Məcəllənin 79.1-ci maddəsinə əsasən, müəyyən şərtlərə cavab verən tikinti obyektlərinin tikintisi üçün icazə tələb olunmur.
79.1.1-ci maddəyə əsasən, hündürlüyü 5 metrədək, sahəsi isə 100 kvadratmetrədək olan bir mərtəbəli meşə və balıqçılıq fəaliyyəti ilə bağlı müəyyən obyektlər üçün tikintiyə icazə tələb olunmur.
79.1.2-ci maddəyə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələrində müəyyən ölçülərə uyğun quyular, yeraltı su və çirkab su anbarları, həmçinin 200 kubmetrədək hovuzlar da icazə tələb olunmayan obyektlər sırasındadır.
Hündürlüyü 2 metr 20 santimetrədək olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca inşa edilən hasarlar üçün də tikintiyə icazə tələb olunmur.
Hündürlüyü 8 metrədək olan enerji və işıqlandırma dirəkləri, antena qüllələri və tutumu 10 kubmetrədək olan su çənləri qüllələri də bu kateqoriyaya daxildir.
79.1.9-cu maddəyə əsasən, bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə (Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsinə, hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi, əlilliyi olan şəxslər üçün pandusların təşkil edilməsi, tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisinə yol verilir) əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;
Müəyyən ölçülərdən (Açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr ) kiçik reklam qurğuları, köşklər və örtüklər kimi kiçik memarlıq formaları, açıq idman və oyun meydançaları, açıq avtomobil dayanacaqları da tikinti icazəsi tələb etməyən obyektlər sırasındadır.
Məcəllənin 79.2-ci maddəsinə əsasən, 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində göstərilən ölçü hədlərini keçən obyektlərə məlumatlandırma icraatı tətbiq olunur.
Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq dövlət orqanına və ya quruma zəruri sənədlər əlavə edilməklə məlumat verməlidir.
Göstərilən fərdi yaşayış evləri üzrə müvafiq orqanın 10 gün ərzində layihəyə dair irad bildirmək imkanı var. Bu müddətdə əsaslandırılmış irad təqdim edilməzsə, sifarişçi tikinti işlərinə başlaya bilər.
Qeyd edək ki, tikintiyə başlamazdan əvvəl konkret torpaq sahəsi və obyekt üzrə qüvvədə olan qanunvericilik, o cümlədən şəhərsalma sənədlərinin tələbləri ayrıca yoxlanılmalıdır. Həmçinin məlumatlandırma icraatında olan tikinti obyektləri üzrə torpaq hüququnu təsdiq edən sənəd, memarlıq-planlaşdırma sənədləri və tikinti barədə məlumatın təqdim edilməsi daşınmaz əmlakın dövlət qeydiyyatı baxımından da əhəmiyyət daşıyır.